CƏMİYYƏT
Yeni ayaq protezi sınaq mərhələsindədir
Bakı, 29 avqust, AZƏRTAC
Avstriya mütəxəssisləri insana yeriş proseslərini hiss etdirən aşağı ətraf protezi hazırlayıblar.
Protezin yüksək həssaslığını onun aşağı hissəsindəki altı sensor təmin edir. Sonradan hipotalamusa göndərilən məlumatın hesablanmasına məhz bu sensorlar cavabdehdir.
AZƏRTAC “newsland.ru” saytına istinadla xəbər verir ki, protezin hazırlanmasında Avstriya Texnologiya İnstitutunun bir neçə aparıcı ekspert-alimi iştirak edib. Alimlər etiraf ediblər ki, məqsədləri həssaslığı insanın sahib olduğu həqiqi əzanın həssaslığına yaxın olan aparat hazırlamaq olub.
Protezin aşağı hissəsində altı güclü sensor yerləşir. Bu sensorlar insanın harada - asfalt və ya torpaq üstündə hərəkət etdiyini hesablayaraq, məlumatı onun beyninə ötürür.
Hazırda protez sınaq mərhələsindədir, amma əlillərə tibbi yardım göstərmək üçün tezliklə tətbiq olunacaq.