ELM VƏ TƏHSİL
Yeni dərs ili “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirələrlə başlanıb
Bakı, 15 sentyabr, G.Məlikova, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, 15 sentyabr – “Bilik günü” münasibətilə ölkəmizin bütün bölgələrində mühazirələr təşkil edir. “Bilik günü”ndə fondun “İlboyu bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində orta məktəblərdə “Heydər Əliyev və Azərbaycan” mövzusunda dərslər keçilib.
AZƏRTAC xəbər verir ki, ümumilikdə 116 orta məktəbdə tanınmış ziyalılar, akademiklər, professorlar, media nümayəndələri məktəblilər və yerli sakinlərlə görüşüblər. Görüş zamanı Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu, onun banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, multikultural ənənələr, artıq formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat verilib. Bilik Fondunun mühazirəçiləri şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərində, qaçqın və məcburi köçkün, eləcə də sərhədyanı bölgələrin məktəblərində şagirdlərə mühazirələr oxuyublar.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Şuşa şəhəri Malıbəyli kənd tam orta məktəbində və Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə, Əməkdar Müəllim Əjdər Ağayev Binəqədi rayonundakı 246 nömrəli tam orta məktəbdə, Alban udi xristian icmasının sədri Robert Mobili Ağdaş şəhər 9 nömrəli tam orta məktəbində, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Yasamal rayonu Zərifə Əliyeva adına liseydə, akademik Vaqif Abbasov Nəsimi rayonu 46 nömrəli tam orta məktəbdə, AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu Qusar rayonu B.Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbdə, Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Nizami rayonu 145 nömrəli məktəbdə mühazirələr deyiblər.