REGİONLAR


Yeni dərs ili cəbhə bölgəsində yüksək əhval-ruhiyyə ilə başlayıb

A+ A

Tərtər, 15 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Yeni dərs ili Tərtər rayonunun ümumtəhsil məktəblərində yüksək əhval-ruhiyyə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, Bilik günü münasibətilə Tərtər rayonunun ümumtəhsil məktəblərində rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə təntənəli mərasimlər keçirilib.

Mərasimlərdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyib, onların gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və layiqli vətəndaşlar kimi yetişmələrini arzulayıb.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən milli təhsilimizə yüksək diqqət və qayğı göstərilir. Yeni məktəblər, uşaq evləri, liseylər tikilir, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilir.

Məlumat verilib ki, bu il rayonun ümumtəhsil məktəblərinə 1060 nəfər birinci sinfə qəbul edilib. 693 nəfər isə XI sinifdə təhsil alacaq.

Bilik günü təmas xəttində yerləşən Şıxarx qəsəbə 1 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri ikiqat sevinc yaşayıblar. Həmin gün yeni tikilmiş modul tipli 108 yerlik yeni məktəb istifadəyə verilib.

X X X

Sentyabrın 15-də Laçın rayonu üzrə 116 ümumtəhsil məktəbi 10 min 895 şagirdi öz qoynuna alıb. Onların 1276-sı birincilərdir.

Yeni dərs ili Laçın rayonunun ümumtəhsil məktəblərində yüksək əhval-ruhiyyə ilə başlayıb. Bilik günü münasibətilə ümumtəhsil məktəblərində təntənəli mərasimlər keçirilib, rayon ağsaqqalları, valideynlər, müəllimlər çıxış edərək şagirdlərə təhsildə uğurlar arzulayıblar.

Yeni dərs ilinə hazırlıqla əlaqədar 9 məktəb təmir edilib. 69 adda 45 min 634 ədəd dərslik, 4500 ədəd müəllim vəsaiti alınaraq məktəblərə paylanıb. Müəllimə olan ehtiyacın ödənilməsi üçün 37 gənc müəllim test və müsabiqədən keçərək işlə təmin olunmaq üçün rayona göndərilib. 9-cu siniflərə dərs deyəcək 70 müəllim müvafiq regionlar üzrə təşkil edilmiş kurikulum təlim kurslarından keçərək sertifikat alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.