REGİONLAR
Yeni dərs ilində Lerikin Vizəzəmin və Mastail kəndlərində əsl bayram sevinci yaşanıb
AZƏRTAC xəbər verir ki, Lerik rayonunda 180 şagird yerlik Vizəzəmin kənd tam orta məktəbin yeni binasının və əsaslı təmirdən sonra Mastail kənd tam orta məktəbin açılışı olub.
Yeni təhsil ocaqlarının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimlərdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisinin deputatı İqbal Məmmədov, təhsil işçiləri, ziyalılar, valideynlər müəllim və şagirdləri yeni dərs ilinin başlanması və məktəb binalarının istifadəyə verilməsi münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində son illər respublikamızda mühüm nailiyyətlər əldə olunub. Dövlət proqramlarının və genişmiqyaslı layihələrin icrası nəticəsində şəhər, kənd və qəsəbələr simasını dəyişib, müasirləşib, əhalinin rifah halı yüksəlib.
Mərasimdə ucqar dağ rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olundu.
Hər iki məktəbin qocaman müəllimlərinə xatirə hədiyyələri, yeni tədris ilində birinci siniflərə qəbul olunmuş şagirdlərə məktəbli çantaları və dərs ləvazimatları təqdim edilib.