İQTİSADİYYAT
Yeni dərs ilində Neftçalada üç məktəb binası istifadəyə veriləcək
AZƏRTAC xəbər verir ki, həmin məktəblərdən biri rayonun Yuxarı Qaramanlı kəndində tikilir. Ötən il inşasına başlanılan tədris müəssisəsinin binasında artıq işlərin əsas hissəsi görülüb. 360 şagird yerlik məktəbdə fənn kabinetləri, rahat və işıqlı sinif otaqları ilə bərabər laboratoriyalar, kompyuter otağı fəaliyyət göstərəcək. Ümumiyyətlə, burada tədrisin yüksək səviyyədə aparılması üçün bütün şərait yaradılacaq.
İkinci məktəb binası rayonun Kürkənd kəndində inşa edilir. 220 yerlik bu təhsil ocağı da müasir tələblərə uyğun tikilir. Burada fənn kabinetləri, laboratoriya ilə yanaşı, hərbi hazırlıq və tibbi kabinetləri də fəaliyyət göstərəcək. Bundan əlavə, məktəb binasında qapalı idman zalı və ərazidə futbol meydançası tikilib.
Rayonun Aşağı Surra kənd məktəbindəki 360 şagird yerlik bina isə əsaslı təmir olunub və burada 10 sinif otağından ibarət əlavə korpus tikilib.
Yeni dərs ili ərəfəsində istifadəyə verilməsi gözlənilən təhsil ocaqları müasir avadanlıqla təchiz olunacaq.
Qeyd edək ki, dövlətimizin başçısının qayğısı ilə son illər Neftçalada müasir tipli 30 məktəbin tikilməsi, bir çoxunun isə əsaslı təmir olunması təhsildə keyfiyyət dəyişikliklərinə səbəb olub. Kənd rayonları arasında ali məktəblərə qəbul olunanların sayına görə Neftçalanın birincilər sırasında qərar tutması da buna əyani sübutdur. Cari tədris ili də bu baxımdan istisna təşkil etməyib və 368 məzunun əksəriyyəti tələbə adını qazanıb, onlardan 8 nəfəri isə 600-dən yuxarı bal toplayıb.