ELM VƏ TƏHSİL
Yeni elmi paradiqma: ahəngyol
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsində “Yeni elmi paradiqma - ahəngyol” mövzusunda seminar təşkil olunub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə akademiyanın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli seminarın hazırda dünyada aktual və maraq doğuran sahəyə həsr olunduğunu bildirib.
AMEA-nın Fəlsəfə İnstitutunun professoru Əhməd Qəşəmoğlu məruzəsində diqqətə çatdırıb ki, ahəngyol elmi şərq-qərb fəlsəfəsinin biri-birini tamamlayıb tədqiqata cəlb olunması, dini kitabların fəlsəfi yöndən öyrənilməsi və sistemli yanaşma metodları, müasir qərb sosiologiyasından dərindən istifadə əsasında yaradılıb. Ahəngyolun harmoniyaya aparan yol mənasında işlədildiyini deyən məruzəçi vurğulayıb ki, bu fəlsəfi konsepsiyanın rasional və qeyri-rasional amillərin elmi araşdırmaya cəlb olunmasına imkan verir.
Ə.Qəşəmoğlu müasir elmin XIV əsrdən sonrakı qərb elminin rasional yanaşmaları əsasında formalaşdığını və onun ilk növbədə, riyaziyyat elmində ciddi dəyişikliklər nəticəsində mükəmməlləşə biləcəyini vurğulayıb. O, konsepsiyanın elmi bazasının ümumi şərq və orta əsrlər islam fəlsəfəsi, dini kitablar, sistem nəzəriyyəsi, funksional-struktur nəzəriyyə və qeyri-səlis məntiq kimi sahələrdən ibarət olduğunu diqqətə çatdırıb.
Alim dünyada istənilən bir sistemin yaranmasının təkcə yer qanunlarına əsasən araşdırmağın xeyli məhdudiyyətlərə səbəb olduğunu deyib. Ə.Qəşəmoğlu ahəngyolun multikulturalizm, mədəniyyət, ekologiya, siyasət, idarəetmə, əhali artımı problemi, süni intellektin və robotların yaradılması, dinlərin, mədəniyyətlərin dialoqu və digər sahələrdə istifadə edilə biləcəyini deyib. O, ahəngyolun Azərbaycan elminin potensialını müasir elm aləminə təqdim etmək üçün böyük imkanlar yaradacağını vurğulayıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.