REGİONLAR
“Yeni həyat” qəzeti Masallının 85 illik tarixini yazıb
Masallı, 9 iyun, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Yeni həyat” qəzetinin nəşrə başlamasının 85 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva 1932-ci il mayın 31-də Masallıda nəşrə başlayan “Yeni həyat” qəzetinin rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək dəyərləndirib, onun 85 illik bir tarix yazdığını bildirib.
Toplantıda muzeyin elmi işçisi Dilguşə Məmmədovanın “Yeni həyat” qəzetinin 85 illik yubileyi ilə bağlı məruzəsi dinlənilib.
“Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov çıxışında mətbuata dövlət qayğısından danışıb, bu qayğının təzahürü olaraq Prezident İlham Əliyevin KİV-lərin inkişafına, jurnalistlərin iş və mənzil şəraitinin yaxşılaşmasına yönəlmiş qərar və sərəncamlarını diqqətə çatdırıb.
Qəzetin baş redaktor müavini Rəsul Rzayev, məsul katibi Həsənağa Əliyev, baş ədəbi işçisi Akif Ağayev, kompüter mərkəzinin rəhbəri Südabə Məmmədova çıxışlarında qəzetin fəaliyyətindən danışıb, oxucuların suallarını cavablandırıblar.
Şair Xanəli Ağayev, tarixçi-tədqiqatçı Musarza Mirzəyev, tarix üzrə fəlsəfə doktoru Mürvət Abasov, Masallı Dövlət Regional Kollecinin müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nazim Əliyev qəzetin onların həyatında rolunu vurğulayaraq, kitablarının yazılması, elmi axtarışları zamanı “Yeni həyat”ın zəngin materiallarından bəhrələndiklərini bildiriblər.
Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.