ELM VƏ TƏHSİL
Yeni informasiya sistemlərinin yaradılması nəzərdə tutulur
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) həyata keçirilən elektron elm layihəsi çərçivəsində bu istiqamətdə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası (RETƏŞ) üçün “Elmi problemlər reyestri” və “Dissertasiya mövzularının reyestri” informasiya sistemlərinin yaradılması nəzərdə tutulur.
Bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu direktorunun müavini Rəşid Ələkbərov elmi şuranın iclasında məlumat verib.
İnformasiya sistemlərinin yaradılmasının konseptual məsələlərini, arxitektur prinsiplərini nəzərə çatdıran R.Ələkbərov verilənlər bazalarının AzScienceNet elm kompyuter şəbəkəsinin Verilənlərin Emalı Mərkəzində yerləşdiriləcəyini və online rejimdə istismar ediləcəyini söyləyib.
Vurğulanıb ki, informasiya sistemlərinin yaradılması elmdə idarəetmə qərarlarının qəbul edilməsinə dəstəyin təmin olunmasında, elmi tədqiqatlarda təkrarçılığın aşkarlanmasında, aparılan araşdırmaların və büdcə vasitələrinin istifadəsinin səmərəliliyinin artırılmasında, bibliometrik və elmmetrik təhlillərin aparılmasında, elmi qurumların fəaliyyətlərinin qiymətləndirməsində, həmçinin operativlik, dəqiqlik və şəffaflığın təmin olunmasında mühüm rol oynayacaq.