ELM VƏ TƏHSİL
Yeni ixtisaslar üzrə müəllim hazırlığına başlanılıb
Cari dərs ilində ölkəmizin ümumtəhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və yeni ixtisaslar üzrə müəllim hazırlığına başlanılıb.
Bunlar riyaziyyat-informatika, kimya-biologiya, tarix-coğrafiya ixtisaslarıdır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, rus bölmələri üçün ixtisaslı müəllimlərin hazırlığı məqsədilə yenidənhazırlanma müəssisələrində ibtidai sinif müəllimi ixtisası üzrə təlimlərin təşkili planlaşdırılır.
Hazırda kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsini təmin etmək məqsədilə kadrların yenidənhazırlanma təhsilinin məzmunu, forması, təşkili və yekun attestasiyası qaydalarında ciddi dəyişikliklər edilməsi istiqamətində iş həyata keçirilir.
Xatırladaq ki, son illərdə yenidənhazırlanma təhsili ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat, xarici dil, psixologiya və məktəbəqədər təhsil ixtisasları üzrə reallaşdırılıb.
Pedaqoji profilli ixtisaslar üzrə yenidənhazırlanma təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universitetində aparılır.