MƏDƏNİYYƏT
Yeni kitabın təqdimatı
Bakı, 22 noyabrın, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda gənc və istedadlı yazıçı Səidə Haqverdiyevanın “İsanın yatağındakı ilahə” adlı yeni kitabının imza günü keçirilib.
AZƏRTAC xəbər verir ki, kitab AYB-nin layihəsi əsasında çap olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza AYB kitab layihəsi barədə məlumat verib. Bildirib ki, yeni kitabların təbliği istiqamətində ciddi iş aparılmalıdır. Biz bölgələrimizdə də yazarlarla oxucuların görüşlərini keçirməyi nəzərdə tuturuq.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq Şairi Fikrət Qoca, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu, Xalq Artisti İlham Namiq Kamal və başqaları müəllifi təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.
Bildirilib ki, kitabda müasir həyatımızda baş verən bir sıra hadisələrin təsviri öz əksini tapıb. Əsasən ailə-məişət mövzusunda yazılmış povest və hekayələrdə müəllif çalışıb ki, problem və onu yaradan səbəbləri göstərsin. Əsərlərdə adət-ənənəyə hörmət, dostluğa sədaqət, verilən vədə əməl etmək kimi müsbət keyfiyyətlər və əxlaqi dəyərlərə xüsusi yanaşma var.
Yeni kitab haqqında öz fikirlərini bölüşən natiqlər nəşri dil, forma, estetik baxımdan yüksək qiymətləndiriblər.
Sonda Səidə Haqverdiyeva tədbirin keçirilməsində, kitabının nəşrində zəhməti olanlara minnətdarlığını bildirib, kitabını imzalayaraq oxucularına təqdim edib.