MƏDƏNİYYƏT
“Yeni nəfəs–1” ssenari müsabiqəsinin qalibi olan “İkinci güllə” filmi təqdim edilib
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən elan edilən “Yeni nəfəs–1” qısametrajlı ssenari müsabiqəsinin qalibi olan “İkinci güllə” ssenarisi əsasında çəkilən qısametrajlı filminin təqdimatı keçirilib. Qalib ssenarinin müəllifi və filmin quruluşçu rejissoru Natiq Rəsulovdur.
AZƏRTAC xəbər verir ki, “CinemaPlus” premium kinoteatrlar şəbəkəsinə daxil olan “Azərbaycan” kinoteatrında keçirilən təqdimat mərasimində Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova çıxış edərək müsabiqə barədə məlumat verib. Bildirib ki, filmi ssenari əsasında müəllif özü “Narimanfilm” kinostudiyasında çəkib. Şəfiqə Məmmədova müəllifi təbrik edərək uğurlar arzulayıb.
Müsabiqənin münsiflər heyətinin üzvü, tanınmış yazıçı, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə müsabiqənin 2013-cü ildə keçirildiyini söyləyib. Qeyd edib ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə reallaşdırılır. O, 2016-cı ildə ikincisi həyata keçirilən müsabiqənin davamlı olacağını deyib.
Müsabiqənin qalibi Natiq Rəsulov filmin çəkilişində dəstək olanlara minnətdarlığını bildirib.
Sonra film nümayiş edilib. Filmdə sosial problemlər önə çəkilərək bəzi adətlərin fəsadları əks olunub.
Filmin prodüseri Nəriman Məmmədov, quruluşçu operatoru Kirill Gerra, icraçı prodüseri Emin Quliyevdir. Ekran əsərində Əməkdar artistlər Vidadi Həsənov, Nəsibə Eldarova, Hüsniyyə Mürvətova, aktyorlar Manaf Dadaşov, Elmin Bədəlov, Elgün Həmidov və Leyli Vəliyeva çəkiliblər.