ELM VƏ TƏHSİL
Yeni nəsil bionik əl innovativ xüsusiyyətlərə malikdir
Bakı, 2 iyul, AZƏRTAC
İnnovativ interfeyslərlə təchiz olunmuş bionik əllərin yeni nəsli təqdim edilib. Bu interfeyslər hərəkətlərin daha mükəmməl həyata keçirilməsinə və toxunma hissiyyatının daha sürətli bərpasına imkan yaradır. İtaliyanın Sant'Anna Pisa biorobot ali məktəbinin rəhbərliyi ilə reallaşdırılan bu layihəyə “DeTop” adı verilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dörd illik layihə çərçivəsində hazırlanan protez əl təkmilləşdirilmiş funksiyalara malik skelet sistemindən təşkil olunub. Yuxarı əzaların hərəkəti dəriyə yeridilmiş sensorlar vasitəsilə mümkündür. “DeTop”da robot əl ilə insan arasında səmərəli əlaqənin qurulması üçün sinir-əzələ interfeysi texnologiyasından istifadə edilib.
Yeni bionik əl əvvəlcə sınaq üçün üç nəfərə tətbiq olunacaq. Onların gündəlik hərəkətləri İsveçdə xüsusi klinikada müşahidə ediləcək. İtaliyalı professor və layihənin əlaqələndiricisi Kristian Kipriani robot protezlərin yeni nəslinin formalaşdırılması baxımından “DeTop”un önəmli layihə olduğunu deyib. Vurğulayıb ki, bu bionik əl yüksək dəqiqliklə hazırlanıb və ilk dəfə öz istifadəçisinə əzələdaxili hərəkətlərə nəzarət etməyə və toxunma aktının müxtəlif aspektlərini araşdırmağa imkan verir.