DÜNYA
Yeni portal Belarus mallarını dünyada tanıdacaq
Minsk, 9 fevral, AZƏRTAC
Belarusda MDB ölkələri üçün yeni layihə - “ByExport.com” portalı istifadəyə verilib. AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, bu portalın əsas məqsədi belaruslu istehsalçıların mallarını xaricdə onlayn rejimində təbliğ etməkdir.
“ByExport.com” portalı çoxdilli virtual məkandır. Portalda həm Belarusun ən müxtəlif istiqamətlərə və sahələrə aid istehsal müəssisələri barədə informasiya, həmin müəssisələrlə əlaqə məlumatları, həm də onların məhsullarının siyahısı yerləşdirilir. Siyahı avtomatik olaraq ingilis dilinə tərcümə edilir, perspektivdə isə bu məlumatın Çin dilinə də tərcümə edilməsi nəzərdə tutulur. Portalın əsas məqsədi kiçik, orta və iri biznes müəssisələrinin satış bazarlarını genişləndirmək, effektivliyi təcrübədə sübut olunmuş alternativ marketinq vasitələrindən istifadə edilməsi hesabına ixracı artırmaq imkanı yaratmaqdır.
Portalın mütəxəssisləri qarşıya qoyduqları məqsədlərə nail olmaq üçün həmin portalda yerləşdirilən informasiyanın aktuallaşdırılması, Belarus mallarının və brendlərinin təbliği, xarici tərəfdaşlara və müştərilərə təqdim edilən informasiyanın optimallaşdırılması istiqamətində gündəlik iş aparırlar. Bunun üçün müasir internet marketinqinin müxtəlif vasitələrindən, o cümlədən sosial trafiklə iş, kontekst reklamı, tanınmış biznes-portallarda təbliğat, KİV-lərdə promo və digər üsullardan istifadə edilir, dünya miqyaslı sərgilərdə iştirak edilir, idxalatçı ölkələrin ərazisində nümayəndələr şəbəkəsi genişləndirilir. Xarici şirkətlərin nümayəndələrinin bu portal ilə rahat işləyə və axtarış apara bilməsi üçün portalın bir neçə dil versiyası hazırlanıb.
Sözügedən portal Belarusda bu qəbildən yenilik olsa da, dünyanın aparıcı ölkələrinin praktikasında bu cür internet-məkanlar ixracın stimullaşdırılması və dəstəklənməsi sisteminin yüksək dərəcədə səmərəli və zəruri inkişaf mexanizmi kimi özünü doğruldub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk