İQTİSADİYYAT
Yeni proqram “Elektron imza” ilə imzalanmış sənədin nə zaman, kim tərəfindən imzalandığını müəyyən edir
Bakı, 4 noyabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Məlumat Hesablama Mərkəzi “Elektron imza” ilə imzalanan sənədin yararlı olub-olmadığını öyrənmək üçün yeni proqram yaradıb.
“Elektron hökumət” portalından AZƏRTAC-a bildirilib ki, yeni proqram vasitəsilə artıq “Elektron imza” ilə imzalanmış sənədin nə zaman, kim tərəfindən və hansı sertifikatla imzalandığını müəyyən etmək mümkündür.
“Edoc yoxlayıcı” adlanan proqram, “.edoc” formatında olan rəqəmsal sənədlərdə imzanın strukturunun yoxlanılması və sənədlərin nüsxəsini əldə etmək üçün nəzərdə tutulub. Qeyd edək ki, Milli Sertifikat Xidmətləri Mərkəzinin “E-imza” sertifikatı ilə imzalanmış sənədlər “.edoc” formatında olur.
Xidmət üçün hazırlanmış proqram təminatı açıq servis şəklində yaradılıb. "E-imza" xidmətlərini daxili sistemlərinə inteqrasiya etmiş və ya etmək istəyən təşkilatlar bu servisi proqram təminatlarına əlavə etməklə, “Edoc” sənədlərin düzgünlüyünü birbaşa öz sistemlərində yoxlaya bilərlər. Bu proqram təminatı veb texnologiyası əsasında qurulduğu üçün təkcə “Windows” əməliyyat sistemində deyil, həmçinin “Linux” və “Mac” əməliyyat sistemlərində də bu xidmətdən yararlanmaq mümkündür.
Bu xidmət, həmçinin “Elektron hökumət” portalına (www.e-gov.az), nazirliyin təqdim etdiyi xidmətlər sırasına əlavə olunub. Portal üzərindən xidmətdən istifadə etmək üçün bütün xidmətlər bölməsindən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətləri arasından “Elektron imza ilə imzalanmış sənədlərin yoxlanılması” elektron xidmətini seçmək lazımdır.
Proqramdan istifadə qaydaları ilə https://www.e-gov.az/az/news/read/476 linkində tanış olmaq olar.