SİYASƏT


Yeni qeydiyyatdan keçmiş 16 dini icmaya şəhadətnamələr təqdim olunub

Bakı, 28 iyul, AZƏRTAC 

İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 16 dini icmaya şəhadətnamələr təqdim edilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə komitə sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların rəhbərləri iştirak ediblər.

Azərbaycanda dinə, tarixi-dini abidələrimizə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən Komitə sədrinin birinci müavini Səyyad Salahlı bu müsbət dinamikanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb.

Azərbaycanın təkcə iqtisadi göstəricilərinə və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və multikulturalizmin səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövləti olduğunu diqqətə çatdıran Səyyad Salahlı dini icmaların cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanılmasında böyük rola malik olduğunu qeyd edib. O, bu sahədə din xadimlərinin üzərinə düşən vəzifələrdən danışıb, eyni zamanda, dini icma sədrlərinə fəaliyyətlərində milli-mənəvi, ənənəvi İslam dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini təkmilləşdirməyi tövsiyə edib.

Dini sahəyə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirən icma rəhbərləri dini sabitliyin qorunub saxlanılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətində iş aparacaqlarını deyiblər.

Sonda Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeydiyyat şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.