REGİONLAR
Yeni quruculuq ünvanları dövlət qurumlarının fəaliyyətinə hərtərəfli şərait yaradacaq
Naxçıvan, 26 avqust, AZƏRTAC
Son illər muxtar respublikanın digər bölgələrində olduğu kimi, paytaxt Naxçıvan şəhərində də onlarla dövlət qurumu üçün yeni bina istifadəyə verilib, bu qurumlarda çalışanlar rahat və müasir iş şəraiti ilə təmin olunub. Bu tədbirlərin davamı kimi hazırda Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsində Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üçün yeni bina inşa edilir.
AZƏRTAC xəbər verir ki, “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikilən bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir. Binanın birinci, ikinci və üçüncü mərtəbələrdə laboratoriya və iş otaqları, dördüncü mərtəbədə iş otaqları ilə bərabər, kitabxana, 108 yerlik iclas zalı olacaq.
Naxçıvan şəhərinin daha bir ünvanında, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi üçün nəzərdə tutulmuş binada isə son tamamlama işləri görülür. Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən binanın iki mərtəbəsi əsaslı təmir edilib, binaya daha bir mərtəbə əlavə olunub. Binanın zirzəmi hissəsində qazanxana, yeməkxana, arxiv və anbar otaqları, digər mərtəbələrdə iş və server otaqları, 50 yerlik iclas zalı, çap otağı yerləşəcək.
Naxçıvan şəhərində hər il genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi muxtar respublika paytaxtının simasını xeyli dərəcədə dəyişdirib. Yeni yaşayış binalarının, park və istirahət mərkəzlərinin tikilməsi və ya yenidən qurulması ilə yanaşı, dövlət qurumlarının fəaliyyəti də diqqət mərkəzində saxlanılır.