REGİONLAR


Yeni rayonlaşmış və perspektivli taxıl sortlarının iqtisadi səmərəlilik baxımından üstünlükləri nümayiş etdirilib

Bakı, 13 iyun, AZƏRTAC 

Tərtər rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Tərtər Bölgə Təcrübə Stansiyasının təşkilatçılığı ilə “Taxılçılıqda yeni sortlar və mütərəqqi becərmə texnologiyaları. Resursqoruyucu becərmə texnologiyalarının üstünlüklərinin suvarma şəraitində nümayişi” mövzusunda elmi-praktiki seminar keçirilib.

Seminarda Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları, Tərtər və eləcə də ətraf rayonlardan gəlmiş 50-dək taxılçılıq fəaliyyəti ilə məşğul olan fermerlər iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, seminarda çıxış edən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə taxılçılığın inkişaf etdirilməsi ilə əlaqədar aqrar elmin qarşısına qoyulmuş vəzifələr barədə ətraflı məlumat verib.

Çıxışlarda Tərtər rayonunun əkin strukturunda taxılçılığın xüsusi yer tutduğu, son illər pambıqçılıq sahəsinin böyük vüsət aldığı və əldə olunmuş nailiyyətlər barədə danışılıb. Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə elmi əməkdaşlıq edən Milli Aviasiya Akademiyasının mütəxəssisləri də çıxış edərək, birgə aparılan elmi-tədqiqat işlərinin yekunları haqqında ətraflı söz açıblar.

Daha sonra “Yeni taxıl sortlarının suvarma şəraitində potensial məhsuldarlığı və ona təsir edən amillər”, “Milli və beynəlxalq seleksiya proqramları çərçivəsində Tərtər Bölgə Təcrübə Stansiyasında aparılan tədqiqatlar”, “Taxılçılıqda yeni resursmühafizəedici mütərəqqi texnologiyaların üstünlükləri”, “Torpaqların ümumi aqrokimyəvi göstəricilərinə əsaslanaraq dənli bitkilər üçün gübrə normalarının müəyyənləşdirilməsi” mövzularında məruzələr dinlənilib.

Məruzələrdən sonra seminar iştirakçılarının sualları cavablandırılıb.

Seminarın gedişində fermerlərə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yeni rayonlaşmış və perspektivli taxıl sortlarının, mütərəqqi resursqoruyucu becərilmə texnologiyalarının iqtisadi səmərəlilik baxımından üstünlükləri nümayiş etdirilib, eləcə də taxıl əkinlərinin vaxtında biçilməsi, tədarük olunması barədə mütəxəssislər tərəfindən əhəmiyyətli praktiki bilgilər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.