İQTİSADİYYAT
Yeni sənaye kompleksləri Azərbaycana çox böyük dividentlər gətirəcəkdir
Sumqayıt, 22 fevral (AZƏRTAC). Son illərdə Azərbaycanda yaradılan güclü sənaye potensialı, xüsusən Prezidentin Sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” élan olunması bu sahənin inkişafını şərtləndirən amillərdəndir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev demişdir. O bildirmişdir ki, həyata keçirilən işlərin tərkib hissəsi kimi Qaradağda istifadəyə verilən Gəmiqayırma zavodu ölkəmizin Xəzər regionundakı mövqelərinin güclənməsinə xidmət edir. Bu zavodda həm Azərbaycan, həm də bölgədəki digər ölkələr üçün gəmi və müvafiq avadanlıqların istehsalı nəzərdə tutulmuşdur. Yaxın illərdə inşa ediləcək neft-qaz və neft-kimya komplekslərində müasir texnologiyalar əsasında istehsal olunacaq məhsulların xarici bazarlara çıxarılması gözlənilir.
M. Babayev qeyd etmişdir ki, aparılan ilkin hesablamalara əsasən bu komplekslərə 14-15 milyard dollar həcmində sərmayə yatırılacaqdır. Yeni texnologiyalara əsaslanan bu strateji layihə Azərbaycana çox böyük dividentlər gətirəcəkdir. Qaradağ rayonunda iri sosial obyektlərin, infrastrukturun yaradılması planlaşdırılır ki, bu da əhalinin rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verəcəkdir.
Milli Məclisin deputatı daha sonra vurğulamışdır ki, müxtəlif kimya məhsullarının istehsalı ilə məşğul olan Sumqayıt Kimya Sənayesi Parkının yaradılmasında əsas məqsəd isə kiçik və orta biznesin inkişafına dəstək verməkdən ibarətdir. İxrac yönümlü məhsul istehsalı üçün nəzərdə tutulmuş bu müəssisələr eyni zamanda yeni iş yerlərinin açılması baxımından olduqca əhəmiyyətlidir.
“Azərikimya”nın Müşahidə Şurasının sədri aqrar sektorun inkişafına yönəlmiş Karbamid zavodunun tikintisinə başlanması da önəmli hadisədir. Ölkəmizin ərzaq təhlükəsizliyi proqramı çərçivəsində inşa olunan bu zavod kənd təsərrüfatının yüksək keyfiyyətli gübrəyə tələbatını tam ödəyəcəkdir.
M.Babayev qeyd etmişdir ki, bütün bu layihələrin üstün cəhətlərindən biri də ekoloji təhlükəsizliyin nəzərə alınması və yüksək səviyyədə təmin edilməsidir.