MƏDƏNİYYƏT
Yeni sistem turistlərin ölkəmizlə tanışlıq imkanlarını artıracaqdır
Bakı, 19 aprel (AZƏRTAC). Aprelin 19-da Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda turizm sektorunu inkişaf etdirmək məqsədilə yaradılmış “Turizm Məqsədli Coğrafi İnformasiya və Naviqasiya Sistemi”nin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, yeni sistemin təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək texnoloji yeniliklər dövründə ölkəmizin turizm potensialının dünya bazarına çıxarılmasının prioritet məsələ olduğunu və bu işə 2 il əvvəl başlanıldığını diqqətə çatdırmışdır. Bildirilmışdır ki, bununla bağlı təkliflər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müsbət qarşılanmış və bu məqsəd üçün dövlət büdcəsindən vəsait ayrılmışdır. Turizm marşrutları barədə informasiyaların toplanmasında çətinliklər olduğunu qeyd edən nazir yeni sistemin üstünlüklərindən və ölkəmiz üçün əhəmiyyətindən də danışmışdır. Qeyd etmişdir ki, “SİNAM” şirkətinin mütəxəssisləri yüksək peşəkarlıq nümayiş etdirərək dünya standartlarına uyğun bir sistem işləyib hazırlamışlar.
Bildirilmişdir ki, Prezident tərəfindən 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi çərçivəsində yaradılan bu sistem turistlər, eləcə də vətəndaşlarımız üçün çox əlverişli olacaqdır. Sistemin dünya standartlarına cavab verən elektron xəritəsinə 70 şəhər, 4 min 530 yaşayış məntəqəsi, 3 min 300 mədəni-tarixi abidə, 670 min bina və tikili, hərəkət qaydaları və nişanlar olmaqla 43 min kilometrlik yol, 23 min 770 kilometr yaşıllıq sahələri, meşələr və s. obyektlər haqqında sxem və ya 3D formatında məlumatlar daxil edilmişdir. Abidələr üzrə fotoşəkillərin də yerləşdirildiyi və Azərbaycan, ingilis, rus dillərində fəaliyyəti nəzərdə tutulmuş sistemdəki hər hansı bir tikili miqyasına qədər böyüdülə bilər.
“SİNAM” şirkətinin biznesin inkişafı üzrə direktoru İslam Əhmədov yeni sistemin imkanları və özəllikləri barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, GPS-naviqasiya sistemi vasitəsilə turistlər Azərbaycanın müxtəlif bölgələrində istənilən marşrutla hərəkət edə biləcəklər. Eyni zamanda, Onlayn trekinq vasitəsilə turist marşrutlarını, turistləri, dağ-xizək zonalarında hərəkət edənləri və s. peyk izləmə sistemi vasitəsilə müşahidə etmək mümkün olacaqdır. Həmçinin, fövqəladə hallar zamanı hadisə yerində olanların koordinatları izləniləcəkdir.