REGİONLAR
Yeni sistemin tətbiqi yerli özünüidarəetmənin maliyyə və iqtisadi potensialının güclənməsinə səbəb olacaq
Göyçay, 6 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının təşkilatçılığı ilə “Yerli (Bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi”nin tətbiqinə dair növbəti regional seminar Göyçay şəhərində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Göyçay, Kürdəmir, Ucar, Zərdab və Ağdaş rayonlarında fəaliyyət göstərən bələdiyyə sədrlərinin və aidiyyəti üzrə mütəxəssislərin iştirak etdiyi regional seminarda bələdiyyələrdə uçot sisteminin olmaması, tədiyyəçilərlə münasibətin düzgün qurulmaması və tam mənada şəffaflığın təmin edilməməsi bu sahədə əsas çətinliklər kimi göstərilib.
Diqqətə çatdırılıb ki, bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi, yerli vergi və ödənişlərin yığılması prosesinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyaları tərəfindən internet üzərindən onlayn qaydada bir serverdən idarə olunan yerli-bələdiyyə vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi hazırlanıb. Bu sistem ödəyicilərin uçota alınması, tədiyyəçilərlə normal münasibətin qurulması, yaşayış və qeyri-yaşayış sahələri, bələdiyyə torpaqlarının istifadəsi, gəlir və xərclər üzrə dəqiq statistik məlumatların hazırlanması, ödənişlərin onlayn qaydada aparılması və digər sahələrdə təhliləri təmin edəcək.
Seminarda çıxış edən bələdiyyə sədrləri təqdim olunan sistemin tətbiqinin yerli özünüidarəetmənin maliyyə və iqtisadi potensialının güclənməsinə, ödənişlərin yığım səviyyəsinin artmasına səbəb olacağını bildiriblər.