ELM VƏ TƏHSİL
“Yeni sözlər və yeni mənalar” lüğəti çapdan çıxıb
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsində “Yeni sözlər və yeni mənalar” lüğəti tərtib olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, lüğətə elm, texnika, kosmetologiya və məişətin müxtəlif sahələrində işlənən iki minədək yeni söz, termin daxil edilib. Həmçinin nəşrdə yeni sözlərin izahı da verilib. Leksikoqrafiyanın bütün tələblərinə cavab verən lüğət məziyyətlərinə görə, ilk növbədə, bir elmi əsərdir. Burada hər bir sözə elmi münasibət bildirilib, qrammatik, mənşə, üslub və məna xüsusiyyətləri araşdırılmaqla tərtib olunub.
Artıq dilimizdə olan, lakin müasir dövrdə yeni mənalar qazanan sözlər isə lüğətdə söz birləşmələri daxilində yer alıb. Lüğətin əsas xüsusiyyətlərindən biri dilimizə daxil olmuş bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı ilə verilməsidir. Nəşrin baş redaktoru tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədlidir.
“Yeni sözlər və yeni mənalar” lüğətindən KİV-lərin əməkdaşları və geniş oxucu kütləsi istifadə edə bilər.