REGİONLAR


Yeni suvarılan torpaqların istifadəyə verilməsi iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına geniş imkanlar açır

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Meliorasiya və su təsərrüfatı sahəsinə son illərdə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilmişdir. 266 min hektar sahədə suvarılan torpaqların su təminatı, 217 min hektar sahədə isə meliorativ vəziyyət yaxşılaşdırılmış, 43 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1493 subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib.

Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi 47 min hektar

yeni suvarılan torpaqların əkin dövriyyəsinə cəlb olunmasına imkan yaradır

Əhməd Əhmədzadə deyib: “Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi ilə 200 min hektardan artıq əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 47 min hektar yeni suvarılan torpaqların istifadəyə verilməsinə, əhalinin içməli su ilə təmin edilməsinə və əlavə elektrik enerjisinin alınmasına imkan yaranmışdır. İlkin mərhələdə Taxtakörpü su anbarı zonasında Xızı və Siyəzən rayonlarında 10 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilmişdir ki, onun 8 min hektarı yeni suvarılan torpaqlardır. Şabran rayonunda isə 14 min hektara yaxın yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatdırılmışdır. Cari ildə Xızı, Siyəzən və Şabran rayonlarında meliorativ tədbirlər davam etdirilməklə 6200 hektar, o cümlədən 4500 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1700 hektar sahənin su təminatının yaxşılaşdırılması təmin ediləcək. İki ildə ölkənin şimal zonasında 12 min hektardan çox yeni suvarılan torpaqların istifadəyə verilməsi iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına geniş imkanlar açır. Eyni zamanda, şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə su verilməsi üçün Caqacuqçay və Qudyalçay çaylarında sugötürücü qurğuların və nəqledici kanalların tikintisi tamamlanmış, Qusarçay çayında isə bu işlər cari ildə başa çatdırılacaq”.

Əkin sahələrinin su təminatı yaxşılaşdırılır, dövriyyəyə yeni torpaqlar cəlb olunur

Səhmdar Cəmiyyətin sədri bildirib ki, Şəmkirçay su anbarı zonasında əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 kilometr uzunluğunda magistral kanalların tikinti işləri başa çatdırılaraq Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün müasir paylayıcı kanalların və suvarma şəbəkəsinin, eləcə də Goranboy rayonunun 26 min hektara yaxın (ondan 8 min hektardan çoxu yeni suvarılan torpaqlardır) torpaq sahələrini suvarma suyu ilə təmin edəcək Şəmkir maşın kanalının ikinci növbəsinin tikintisi işlərinə başlanılmışdır. Bu işləri cari ildə davam etdirməklə Goranboy rayonunda 8 min hektar sahəyə, - onun 980 hektarı yeni suvarılan torpaqlardır, - suvarma suyunun çatdırılması, Göygöl rayonunda isə müasir qapalı suvarma şəbəkəsinin tikintisi aparılmaqla 3 min hektar sahə, - ondan 1200 hektara yaxını yeni suvarılan torpaqlardır, - suvarma suyu ilə təmin ediləcək. Eyni zamanda, cari ildə Şəmkirçay su anbarında yığılan su hesabına Şəmkir və Göygöl rayonlarının 16 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır. Tovuzçay su anbarına yığılan su hesabına Tovuz və Şəmkir rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılmış, 300 hektar yeni suvarılacaq torpaqlar isə bu il istifadəyə veriləcək.

Dövlətimizin başçısının iri kənd təsərrüfatı müəssisələrinin yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrasından da danışan Əhməd Əhmədzadə deyib: “Şəmkirçay su anbarından “Şəmkir” Aqroparkın 543 hektar, Samur-Abşeron suvarma sistemindən “Yalama” Aqroparkın 523 hektar, Hacıqabul rayonunun 400 hektar, Ağcabədi rayonunun 2100 hektar torpaq sahələri suvarma suyu ilə təmin edilmişdir. Cari ildə Neftçala rayonunun 5620 hektar və Ağcabədi rayonunun 3 min hektar yeni suvarılacaq az məhsuldar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması üçün Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdiriləcəkdir. Sabirabad və Biləsuvar rayonlarında isə 16 min hektar az məhsuldar qış otlaq sahələrində kompleks meliorativ tədbirlər aparılacaqdır. Pambıqçılıq və taxılçılığın inkişafını təmin etmək üçün Sabirabad, Kürdəmir, Goranboy, Bərdə, Yevlax, Zərdab, Ağcabədi, eləcə də qoşunların təmas xəttində və sərhəd zonalarında yerləşən Füzuli, Qazax, Tovuz və digər rayonlarda 11 min hektar sahədə əkin sahələrinin su təminatı və 4 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılacaq”.

Həmçinin bildirilib ki, Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına 2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün respublikanın 35 şəhər və rayonunun 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılmışdır. Əhalinin çox rəğbətlə qarşıladığı bu tədbir Sizin sərəncamlarınızla cari ildə davam etdirilir və hazırda 300 subartezian quyusunun qazılması işləri aparılır.

280 min hektardan artıq yeni suvarılan torpaq sahələrini əkin dövriyyəsinə

daxil etmək mümkündür

Cari ildə aparılacaq tədbirlər hesabına 65 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasının təmin ediləcəyini, 16 min hektar yeni suvarılacaq torpaqlar əkin dövriyyəsinə daxil olunacağını vurğulayan Əhməd Əhmədzadə qeyd edib ki, kənd təsərrüfatı məhsullarının ekstensiv yollarla inkişafına nail olmaq məqsədi ilə su ehtiyatları nəzərə alınmaqla, son illərdə inşa olunmuş su anbarları zonasında başlanılmış işləri, eləcə də yeni layihələr əsasında tikinti və kompleks meliorativ tədbirləri davam etdirməklə əlavə olaraq 280 min hektardan artıq yeni suvarılan torpaq sahəsini əkin dövriyyəsinə daxil etmək və 350 min hektar sahənin su təminatını yaxşılaşdırmaq olar. Eyni zamanda, Böyük Qafqazın dağ çaylarında tikintisi nəzərdə tutulmuş su anbarlarından əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi ilə yanaşı, Oğuz-Qəbələ-Bakı su kəmərinə əlavə su verilməsi mümkün olacaq. Bütün bunlarla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının intensiv yollarla artırılması, sudan və torpaqdan daha səmərəli istifadə edilməsi məqsədi ilə sistemin müasir tələblər səviyyəsinə uyğun modernləşdirilməsi, torpaq məcralı kanalların beton üzlüyə alınması, kollektor-drenaj şəbəkələrinin, nov kanalların və hidrotexniki qurğuların təmir-bərpa edilməsi, yeni mütərəqqi suvarma üsullarının tətbiqi üçün böyük həcmdə işlərin görülməsi tələb olunur.

Bütün bunlar respublikamızda ərzaq təhlükəsizliyini təmin etmək, ixracyönümlü məhsul istehsalını artırmaq, yeni iş yerləri yaratmaq, neftdən asılılığı azaltmaq üçün bu sahədə uzunmüddətli əsaslandırılmış proqramın qəbul edilməsini zəruri edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.