CƏMİYYƏT


Yeni tədris ili Dövlət Pedaqoji Universiteti üçün uğurlu göstəricilərlə başlayıb

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Yeni tədris ili Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) üçün uğurlu göstəricilərlə başlayıb.

ADPU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2016-2017-ci il tədris ilində ali təhsilin bakalavriat səviyyəsində universitetin Azərbaycan bölməsinə 2090, rus bölməsinə isə 230 tələbə olmaqla bütövlükdə 2320 nəfərin qəbul edilməsi nəzərdə tutulmuşdu. Dövlət sifarişi əsasında 1258, ödənişli əsaslarla isə 896 nəfər qəbul olunub. ADPU-nun 5 filialına müxtəlif ixtisaslar üzrə ümumilikdə 675 tələbə qəbul edilib. Ali təhsilin magistratura səviyyəsində ADPU-ya 18 ixtisas və 19 ixtisaslaşma üzrə 403 tələbə qəbul olunub. Onlardan 164-ü dövlət sifarişi əsasında, 239-u isə ödənişli əsaslarla təhsil alacaq.

Builki tədris ilində yüksək bal toplayaraq ADPU-ya dövlət sifarişi əsasında qəbul olunmuş tələbələr ümumilikdə 80 faiz təşkil edir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, yeni tədris ilində ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbulolma faizi 97,18 faiz olub. Cari tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində qəbulolma faizi 92,42 faiz təşkil edib. Bu göstəriciyə görə ADPU universitetlər arasında III yeri tutub. Bütövlükdə isə bu il ali təhsilin həm bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində göstəriciləri əvvəlki illərlə müqayisədə xeyli uğurludur.

Bu il ADPU-ya “Fizika müəllimliyi”, “İnformatika müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Korreksiyaedici təlim”, “Məktəbəqədər təlim və tərbiyə”, “Təhsildə sosial-psixoloji xidmət”, “Kimya və biologiya müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi” (qızlar üçün fiziki tərbiyə) ixtisasları üzrə ilk dəfə rus bölməsinə tələbə qəbulu aparılıb. Əvvəlki illərdə rus bölməsinə yalnız “Tarix müəllimliyi”, “Riyaziyyat müəllimliyi”, “İbtidai sinif müəllimliyi” və “Biologiya müəllimliyi” ixtisasları üzrə tələbə qəbulu keçirilirdi. Bu il isə rus bölməsinə 13 ixtisas üzrə tələbə qəbulu aparılıb və 140 nəfər daxil olub. Bu da əvvəlki illərlə müqayisədə faiz göstəricisinə görə müsbət göstəricidir. Cari ildə 500 və 500-dən yuxarı bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı 117 nəfərdir.

Qeyd edək ki, bu il ADPU-ya qəbul olunmuş I kurs tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılacaq. Kollokvium və imtahanların yazılı formada keçirilməsində məqsəd tədrisin keyfiyyətini yaxşılaşdırmaq, şəffaflığı və obyektivliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin elmi dünyagörüşünün, məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə, həmçinin onların yazı mədəniyyətinin və bütövlükdə ümumi mədəni səviyyələrinin yüksəlməsinə kömək etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.