ELM VƏ TƏHSİL
Yeni tədris ilində Azərbaycan-Fransız Universitetinə 160 tələbənin qəbulu nəzərdə tutulur
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin nəzdindəki Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyəti və 2017-2018-ci tədris ili üçün bu ali məktəbə tələbə qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ-ın yaradılmasının əhəmiyyətindən danışıb, bu ali təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, UFAZ layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə reallaşdırılıb.
Qeyd olunub ki, UFAZ-a 2016-2017-ci tədris ili üçün dörd ixtisas (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfi və hasilatı) üzrə tələbə qəbulu aparılıb və 141 gənc bu ali təhsil ocağında oxumaq hüququ qazanıb. Onlardan 120-si dövlət sifarişi, 21-i isə ödənişli əsaslarla təhsil alır. Tədris ingilis dilində həyata keçirilir. UFAZ-da təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.
M.Babanlı Azərbaycan-Fransız Universitetinin tələbələri üçün “Yay məktəbi”nin təşkil olunacağını, onların təcrübə keçmələrinə lazımi şəraitin yaradılacağını diqqətə çatdırıb.
Eyni zamanda, UFAZ-a qəbul qaydaları barədə məlumat verilib.
Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez iki ölkənin təhsil əlaqələrindən bəhs edib.
Fransadan Azərbaycana gələn dövlət qurumları nümayəndələrinin UFAZ-da olduqlarını xatırladan səfir bu ali məktəbə tələbə qəbulunun müvafiq qaydalara uyğun aparıldığını, qəbul imtahanlarında yüksək nəticələr əldə edən gənclərin qəbul olunduqlarını diqqətə çatdırıb. Qeyd olunub ki, 2017-2018-ci tədris ili üçün Azərbaycan-Fransız Universitetinə 160 tələbənin qəbulu nəzərdə tutulur.
UFAZ-da yüksək ixtisaslı mütəxəssislər hazırlanacağına əminliyini vurğulayan O.Buşez sentyabrda bu təhsil müəssisəsinin yeni tədris binasının fəaliyyətə başlayacağını bildirib.
Sonra jurnalistlərin sualları cavablandırılıb.