CƏMİYYƏT
Yeni xidmət vasitəsilə müayinədən keçənlərin sağlamlıq nəticələri anında vətəndaşlara göndərilir
Bakı, 23 yanvar, AZƏRTAC
Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bakı “ASAN xidmət” mərkəzlərində yeddi dəqiqəyə 29 (aclıq) və 25 (toxluq) meyarı üzrə müayinədən keçənlərin sağlamlıq nəticələri anında həm SMS həm də e-mail şəklində vətəndaşa göndərilir.
Diaqnostik Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, müayinədən keçən hər kəs on illik ürək-damar xəstəlikləri riskinin olub-olmadığını öyrənir, www.saglikliyasamadestek.com portalında onun üçün şəxsi hesab yaradılır və burada tibbi tarixçə yerləşdirilir. Portalda təzyiq, xolesterin, qan şəkəri, bədən analizi, ürək-damar xəstəlikləri riskini qrafik olaraq izləmək, verilən həkim tövsiyələri və müalicənin effektliliyinə nəzarət etmək mümkündür.
Bu xidmət dünyanın istənilən yerində hesab vasitəsilə hər bir vətəndaşın şəxsi tarixçəsi ilə tanış olmaq imkanı verir.