İQTİSADİYYAT


Yeni yollarda hərəkətin təşkili sınaq yürüşləri ilə əyani şəkildə yoxlanılıb

Bakı, 17 iyun, AZƏRTAC

Bakının yeni yollarında hərəkətin təşkili sınaq yürüşləri ilə əyani şəkildə yoxlanılıb.

“Azəravtoyol” ASC-dən AZƏRTAC-a bildirilib ki, Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Yasamal rayonu, Füzuli meydanı və Təzəpir məscidi kompleksi ətrafında aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində yeni, müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlər artıq son mərhələsindədir. Füzuli və Mirzəağa Əliyev küçələrinin davamı olaraq yeni salınan yollardan sonra Nərimanov prospekti və Abdulla Şaiq küçəsində də yenidənqurma işləri başa çatıb. Artıq sözügedən yollarda avtonəqliyyat vasitələrinin, o cümlədən piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə sınaq yürüşləri keçirilib. Sınaq yürüşlərini “Azəravtoyol” ASC-i və Bakı Nəqliyyat Agentliyi birgə həyata keçirib.

Hərəkətin təşkili və təhlükəsizliyində olan nöqsanları aşkar edib aradan qaldırmaq məqsədilə təşkil edilən sınaqlarda “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli, cəmiyyətin və agentliyin mütəxəssisləri, həmçinin yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə bağlı ixtisaslaşmış beynəlxalq şirkət olan “GEMMS”in direktoru Panos Protopsaltis də iştirak ediblər.

Sınaqlarda yeni salınan küçələrdə döngələr və kəsişən yollar boyu eyni anda bütün zolaqlar üzrə sərnişin avtobusları hərəkət etdirilərək yolların maksimal intensivliyi zamanı yarana biləcək problemlər əyani şəkildə nəzərdən keçirilib. Beynəlxalq təcrübəyə əsaslanaraq avtonəqliyyat vasitələrinin hərəkəti zamanı yarana biləcək problemlərin sınaqda iştirak edən qurumların rəhbərlərinin, yerli və xarici mütəxəssislərinin birgə razılığı ilə aradan qaldırılması istiqamətində göstərişlər verilib.

Layihə üzrə yenidən qurulan və yeni salınan yollarda avtonəqliyyat vasitələrinin bir-birinin hərəkətinə maneə törədən kəsişmə nöqtələrin ləğvi və bununla da tıxacların qarşısının alınmasının vacibliyinə də xüsusi diqqət yetirilib. Yaxın günlərdə istifadəyə veriləcək yollarda məhz bunun hesabına fasiləsiz və maneəsiz hərəkət təmin olunacaq.

Keçirilən sınaq yürüş zamanı keçmiş “Sovetski” ərazisində yaradılan müasir və beynəlxalq standartlara cavab verən yol infrastrukturunda müxtəlif hissələr üzrə hərəkətin təşkili sxeminə müvafiq dəyişikliklərin edilməsi, yol nişanlarının, işıqforların, digər nizamlayıcı texniki vasitələrin quraşdırılması, ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin dayanacaq yerlərini bildirən üfüqi nişanlanma işlərinin aparılması, küçələr boyu əlil və uşaq arabaları ilə normal hərəkəti təmin etmək üçün pandusların quraşdırılması və sair məsələlər birgə müzakirə olunub, vətəndaşların rahat və təhlükəsiz hərəkətinə maneə yaradan çatışmazlıqların aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.