DÜNYA
Yenilik: “Opel” avtomobillərə qəzadan qaçmağı öyrədib
Bakı, 9 oktyabr, AZƏRTAC
“Opel” kompaniyası aktiv təhlükəsizlik və avtomobil kommunikasiyası sahəsində yeni nailiyyətlərini nümayiş etdirib. “Opel Insignia”nın bazasında debüt edən sistem yollarda qəzaların sayını xeyli azaltmalı və sürücülərə yanacağı qənaət etməkdə yardımçı olmalıdır.
AZƏRTAC Auto.vesti.ru saytına istinadla xəbər verir ki, “Opel UR:BAN” tədqiqat layihəsi çərçivəsində hazırlanan təhlükəni avtomatik xəbərvermə sistemi radar və geniş imkanlı kameralardan ibarətdir. O, nəinki əyləc sisteminə, həmçinin sükan idarəsinə də müdaxilə etmək imkanlarına malikdir. Siqnal ötürücü kompleks isə avtomobilin önündəki vəziyyətin monitorinqini aparır. Əgər sistem qarşıya qəfildən çıxan maneə aşkar edərsə (məsələn, qəflətən yola çıxmış uşaq), elektron cihaz nəinki sürücünü xəbərdar edəcək, eyni zamanda avtomobili dayandırmaq və ya toqquşmadan yayınmaq üçün müvafiq manevrlər həyata keçirəcək.
Nümayiş olunan digər sistem isə yol infrastrukturu və ya yaxınlıqdakı avtomobillərlə əlaqə imkanlarına hesablanıb. Bu halda elektron cihaz yoldakı vəziyyət barədə məlumat toplaya və sürücüyə hərəkət rejiminin seçimi barədə məsləhət verə bilir. Beləliklə də, sürücü nəinki tixaclardan yayına, həmçinin sabit qaydada hərəkət edərək yol ayrıclarını işıqforun qırmızı siqnalına düşmədən keçə və yanacağa qənaət edə biləcək.