REGİONLAR
Yeniyetmə boksçular Balakəndə qüvvələrini sınayırlar
Balakən, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də Balakən Olimpiya İdman Kompleksində 2001-2002-ci il təvəllüdlü oğlanlar arasında boks üzrə respublika birinciliyinin final mərhələsi start götürüb.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda respublikanın 20 şəhər və rayonunu, 7 klub və idman cəmiyyətini təmsil edən 115 yeniyetmə boksçu 15 çəki dərəcəsi üzrə mübarizə aparır.
Yeniyetmələrin IX respublika oyunlarının proqramına daxil olan yarışların fəxri qonaqları arasında Sidney Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Vüqar Ələkbərov və digər tanınmış idmançılar yer alıb.
Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Anar Nağdıyevdir.
Birincilik noyabrın 25-dək davam edəcək. Qaliblər nazirliyin diplom və medalları ilə mükafatlandırılacaq.