İDMAN
Yeniyetmə güləşçilərin Avropa çempionatı başlayır
Bakı, 31 iyul, AZƏRTAC
Avqustun 4-dən 9-dək Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Yarışda güləşin hər üç növü üzrə Azərbaycan idmançıları da iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, avqustun 4-5-də sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Avropa çempionatının medalları uğrunda Əsgər Məmmədəliyev (42 kq), Röyal Ağamalıyev (46 kq), İslam Bazarqanov (50 kq), Sabutay Əmişov (54 kq), Qadisa Geriya (58 kq), Qurban Qurbanov (63 kq), İsmayıl Abdullayev (69 kq), Emin Nəcəfzadə (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmoyevin (100 kq) mübarizə aparması planlaşdırılır.
Avqustun 6-7-də böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun başçılığı ilə 6 qız güləşçimiz – Zemfira Ələkbərli (38 kq), Aynur Camalova (43 kq), Gülcahan Hacıyeva (46 kq), Sona Tumarxanova (49 kq), Tatyana Varantsova (52 kq) və Şəbnəm Həmidova (56 kq) çempion adı uğrunda yarışacaqlar.
Nəhayət, sonuncu iki gündə - avqustun 8-9-da yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyev heyətə Kamran Pənahov (42 kq), Zaur Nuriyev (46 kq), Rəcəbəli Nəsirov (50 kq), Kənan Cəfərov (54 kq), Kamran Mirzəliyev (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Yaşar Zamanov (85 kq) və Camal Feyziyevi (100 kq) daxil ediblər.
Görüşlərin idarə olunmasında ölkəmizi Qədir Quliyev təmsil edəcək.