İDMAN
Yeniyetmə güləşçilərin nümayəndəliklər üzrə təsnifat yarışları keçirilir
Bakı, 5 may, AZƏRTAC
Sərbəst və yunan-Roma güləşi üzrə 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. Birinciliyin keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından (AGF) bildiriblər.
Dünya Güləş Birliyinin qaydalarına əsasən, keçirilən yarış iki mərhələdən ibarətdir. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçirilir.
Bakı və ətraf qəsəbələri əhatə edən 1 saylı nümayəndəliyin seçim yarışları aprelin 7-dən 10-dək keçirilib. Mayın 6-dan 7-dək Sumqayıtda 2 saylı nümayəndəliyin, Sabirabadda isə 4 saylı nümayəndəliyin təsnifat yarışları keçiriləcək. 3 saylı nümayəndəliyin seçim yarışları mayın 7-də Qobustanda, 6 və 7 saylı nümayəndəliyin seçim yarışları mayın 7-dən 8-dək müvafiq olaraq Yevlax və Şəmkirdə baş tutacaq.
İkinci mərhələdə isə Regionlararası seçim yarışlarının nəticələrinə əsasən, mayın 25-dən 27-dək yeniyetmələrin Azərbaycan birinciliyi baş tutacaq. Final yarışlarında ilk üç yeri tutacaq idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaqlar.