İDMAN
Yeniyetmə və gənc güləşçilərimiz mötəbər yarışlara Xaçmazda hazırlaşırlar ViDEO
Xaçmaz, 20 aprel , Elxan Yusifli, AZƏRTAC
Yeniyetmə və gənclərdən ibarət sərbəst güləş üzrə Azərbaycan milli komandaları qarşıdakı yarışlara Xaçmaz Olimpiya İdman kompleksində hazırlaşırlar.
AZƏRTAC xəbər verir ki, təlim məşq toplantısına ümumilikdə 50-yə yaxın güləşçi qatılıb.
Yeniyetmələrin təlimlərinə böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Umudov və Yaşar Əliyev rəhbərlik edirlər. Gənclərdən ibarət komanda isə hazırlıqlarını böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin tapşırıqları əsasında aparır.
Milli komandaların qarşıdakı ilk sınağı aprelin 26-29-da Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda beynəlxalq turnir olacaq.
Daha sonra güləşçilərimizi qitə miqyaslı yarışlar gözləyir. İyunun 21-26-da Rumıniyanın paytaxtı Buxarest şəhərində keçiriləcək Avropa çempionatında gənclərdən ibarət milli komandamız 8 idmançı ilə təmsil olunacaq. Bunun ardınca yeniyetmə güləşçilərimiz İsveçin paytaxtında digər mötəbər yarışa qatılacaq. İyulun 19-24-də Stokholmda keçiriləcək yeniyetmələr arasında Avropa çempionatında Azərbaycanın 10 güləşçisi medallar uğrunda mübarizə aparacaq.
Güləşçilərimizin Xaçmaz Olimpiya İdman Kompleksində hazırlığı aprelin 26-dək davam edəcək.