REGİONLAR
Yeniyetmə və gənclər dini radikalizm və ekstremizmin təsirlərindən qorunmalıdır
Kürdəmir, 20 oktyabr, AZƏRTAC
Kürdəmirdə rayon icra hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmin təhlükəli fəsadları” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon təhsil şöbəsində keçirilən tədbirdə təhsil və mədəniyyət işçiləri, yeniyetmə və gənclər iştirak ediblər.
Tədbiri açan rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov dini radikalizm və ekstremizmin bu gün dünyanı narahat edən ciddi problemlərdən olduğunu diqqətə çatdırıb.
DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev “Müasir dövrdə İslam dünyasında dini radikallığın yaranma səbəbləri və onun fəsadları”, Dövlət Təhlükəsizlik Xidməti Kürdəmir rayon şöbəsinin əməkdaşı Kamran Dadaşov “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili”, rayon polis idarəsinin əməkdaşı Nizami Abbasov “Radikalizm və ekstremizmin milli-mənəvi dəyərlərimizə vurduğu ziyan” mövzularında çıxış ediblər.
Vurğulanıb ki, milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq, yetkin dünyagörüşə malik olmayan gənc nəsil yad ideologiyaya, təsirlərə məruz qalaraq cəmiyyət üçün böyük bəlaya çevrilə bilər. Odur ki, yeniyetmə və gənclər dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməlidir. Çıxışlarda, habelə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib.
Tədbirdə müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib. Ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin vacibliyi vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.