ELM VƏ TƏHSİL
Yer elmləri sahəsində mühüm tədqiqatlar aparılıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) “Qazlı maye qarışığının qərarlaşmamış süzülməsinin inteqral modelləşdirilməsi” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.
GGİ-dən AZƏRTAC-a bildiriblər ki, institut direktorunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov mövzunun aktuallığından, bu istiqamətdə aparılan müasir tədqiqatların əhəmiyyətindən danışıb.
Seminarda SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları - texnika elmləri doktoru Xasay Feyzullayev və texnika elmləri namizədi Elxan Abbasovun məruzələri dinlənilib.
Məruzədə bildirilib ki, anomal yüksək təzyiqə malik neft və qaz yataqlarında quyudibi təzyiqi və lay parametrlərinin qiymətlərinin ölçülməsi üçün aparılacaq əməliyyatlar böyük çətinliklərlə bağlı olur. Ona görə də anomal yüksək təzyiqli neft və qaz yataqlarının işlənilməsində quyuağzı istismar parametrləri əsasında lay-quyu sisteminin dinamik əlaqəsi nəzərə alınmaqla quyudibi təzyiqinin nəzəri yollarla təyini istismar prosesində texniki təhlükəsizliyə ciddi riayət etməni və quyudibi təzyiqinin qiymətlərinin ölçülməsi üçün aparılması nəzərdə tutulan dərinlik ölçmə əməliyyatlarının aradan qaldırılmasını təmin etmiş olardı. Bu baxımdan maye və qaz sisteminin lay və quyu lüləsində kəsilməz axın tənliklərinin birgə həlli əsasında ölçülə bilən quyuağzı göstəricilərə görə quyudibi və lay təzyiqinin təyininin reallaşdırılması aktuallıq kəsb edən məsələlərdən hesab edilir.
Sonra aparılan tədqiqatlar tədbir iştirakçılarına təqdim olunub.