ELM VƏ TƏHSİL
Yer elmləri sahəsində mühüm tədqiqatlar aparılıb
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda “Cənub-Şərqi Qafqazın üst yura çöküntülərinin stratiqrafiya və paleocoğrafiyasına dair yeni məlumatlar” mövzusunda Yer elmləri üzrə respublika seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsi direktorunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov mövzunun əhəmiyyətindən, bu istiqamətdə aparılan müasir tədqiqatların vacibliyindən danışıb.
Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru, geologiya-mineralogiya elmləri doktoru Çingiz Xəlifəzadənin mövzu üzrə məruzəsi dinlənilib.
Məruzəçi qeyd edib ki, Cənub-Şərqi Qafqazın üst yura çöküntülərində müasir dövrün tələblərinə uyğun yeni kompleks litoloji-stratiqrafik və paleocoğrafi tədqiqatların aparılmasına böyük ehtiyac yaranıb.
Sonra D.Hüseynov bu sahədə əldə etmiş olduğu yeni nəticələri tezislər əsasında təqdim edib.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.