ELM VƏ TƏHSİL
Yer elmləri sahəsində ümumrespublika elmi seminar keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda “Dəmir-titan oksidi minerallarının Kiçik Qafqazın gec Tabaşir yaşlı maqmatik komplekslərinin ərintilərinin təkamülündə indikator rolu” mövzusunda Yer elmləri sahəsində ümumrespublika elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə məruzə ilə çıxış edən geologiya-mineralogiya elmləri doktoru M.N.Məmmədov süxur və filiz əmələgətirən minerallar və onların paragenezislərin, maqmatik ərintilərin və hidrotermal məhlulların kristallaşma prosesində birbaşa iştirak etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, məhz buna görə də onlar bu proseslərə nəzarət edən fiziki-kimyəvi və geoloji-geodinamik şəraitlərin ən real genetik informasiya daşıyıcılarından biri hesab oluna bilər. Bu mənada dəmir-titan oksidi mineralları kristallaşma prosesinin hər bir mərhələsində iştirak etdiklərinə görə orada baş verən bütün hadisələri bu və ya digər dərəcədə mineraloji yaddaşında saxlaya bilir.
Tədbir iştirakçılarının sualları cavablandırıldıqdan sonra tədqiqatların nəticələrinə dair müzakirələr aparılıb.