DÜNYA
Yerevanda etirazlar: 200-dən çox nümayişçi həbs edilib, 18 nəfər yaralanıb VİDEO
Bakı, 23 iyun, AZƏRTAC
Ermənistan polisi Yerevanın mərkəzinə yığışaraq elektrik enerjisinin bahalaşmasına etiraz edən nümayişçiləri dağıdıb.
AZƏRTAC Rusiyanın İnterfaks informasiya agentliyinə istinadla xəbər verir ki, səhərə yaxın polis güclü su şırnaqları ilə nümayişçiləri Baqramyan prospektindən opera teatrına tərəf sıxışdırmağa nail olub. Əməliyyatın gedişində etiraz aksiyasının 237 iştirakçısı tutulub, 18 nəfər yaralanıb. Onlardan 11-nin polis işçisi olduğu bildirilir. Üç nəfər xəstəxanaya yerləşdirilib. Aksiyanın keçirildiyi yerdə soyuq silah tapılıb.
İyunun 19-da “Soyğunçuluğa yox!” vətəndaş hərəkatı tərəfindən Yerevanın Azadlıq meydanında təşkil olunmuş fasiləsiz etiraz aksiyasının iştirakçıları prezident Serj Sarkisyanla görüş tələb edirdilər. Onlar hakimiyyət orqanlarının görüş üçün bir neçə nəfərdən ibarət qrup yaratmaq təklifi ilə razılaşmayaraq hamılıqla prezident iqamətgahına tərəf yollanıblar. Polislə qarşıdurma da məhz bu zaman yaranıb.
Ötən həftə Ermənistanın ictimai xidmətlərin nizamlanması üzrə dövlət komissiyası elektrik enerjisinin bir kilovatının qiymətinin 6,93 drama qaldırılması barədə qərar qəbul edib. Bu da ölkədə güclü etirazlar doğurub.