DÜNYA
Yerevanda polis alayının binasını ələ keçirən silahlı qrupa dəstək aksiyası keçirilib
Bakı, 4 avqust, AZƏRTAC
Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Yerevanın mərkəzi meydanında polis alayının binasını ələ keçirən silahlı qrupa dəstək aksiyası keçirilib.
News.am agentliyinin məlumatına görə, mərkəzi meydanda keçirilən aksiyada qanunsuz rejim tərəfindən həbs olunanların azadlığa buraxılması tələb edilib. Erməni deputat Zarui Postancıyan xalqı üsyana çağırıb. O deyib ki, yalnız bu yolla Serj Sarkisyandan və onun quldur dəstəsindən xilas olmaq mümkündür.
“İrs” partiyasının lideri Raffi Ovannisyan isə qeyd edib ki, əgər Ermənistanda normal siyasi proseslər vasitəsilə fövqəladə xarakterli məsələlərin həllinə nail olunmasa, ölkədə “Sasna çrer” adlı yeni silahlı qruplaşma yaranacaq. O, ikinci üsyan mərhələsinin başlama vaxtının çatdığını da bəyan edib.
Vəziyyətin qarışıqlığını görən hökumət isə ölkədə silah satışına qadağa qoyub. Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, artıq silah satışı polis tərəfindən nəzarətə götürülüb.
“Freedom House”un yaydığı məqalədə bildirilir ki, Yerevanda polis binasının ələ keçirilməsi gözlənilməz ictimai dəstək alıb və ölkədə gələcəkdə sabitlik məsələni sual altına qoyub. Məqalədə deyilir ki, Serj Sarkisyan ölkə iqtisadiyyatının bütün sahələrinə nəzarət edən oliqarxların dəstəyi ilə hakimiyyətə gəlib. O, prezident olandan sonra ölkədə daha avtoritar siyasi mühit formalaşdırıb. Dinc aksiyalara qarşı həddindən artıq güc tətbiq etmək hakimiyyətin siyasətinin yeni təhlükəli reallığıdır.