DÜNYA
Yerevanda polis etirazçıları həbs edib
Bakı, 5 avqust, AZƏRTAC
Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Etiraz aksiyalarını davam etdirən vətəndaş hərəkatının fəalları Yerevanın mərkəzində istefa şüarları səsləndirirlər.
Aksiyadan sonra etirazçılar şəhərin mərkəzi küçələrində yürüş keçiriblər. Nümayiş iştirakçıları hökumət əleyhinə və silahlı qrupa dəstək şüarları səsləndiriblər. Onlar prezident başda olmaqla hökuməti istefaya səsləyiblər. Polis aksiyanın dayandırılmasını tələb edib. Aksiya zamanı 10-dan çox etirazçı saxlanılaraq polis şöbələrinə aparılıb.
Son günlərdə mitinqlərə rəhbərlik edən “Təsis parlamenti”nin üzvü Arutyun Aglamazyan da saxlanılıb. Polis bölməsinə aparılanlar arasında yeniyetmələr də var. Onlara qarşı güc tətbiq edildiyi bildirilir.
İctimai fəal Anna Navasardyan vətəndaşları hər gün saat 19-da Azadlıq meydanına yığışmağa çağırıb. Post-patrul xidməti alayının binasını ələ keçirmiş silahlı qruplaşmanın üzvləri təslim olduqdan sonra Ermənistan prezidenti Serj Sarkisyan milli razılıq hökumətinin formalaşması haqqında bəyanatla çıxış edib. Bu isə hazırkı hökumətin istefaya göndərilməsi deməkdir. Etirazçılar isə S.Sarkisyanın özünün də prezident postunu tərk etməsini tələb edirlər.