DÜNYA


Yerevanda silahlı qruplaşma təcili tibbi yardım briqadasını girov götürüb

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

Ermənistanın xüsusi təyinatlı qüvvələri Yerevanda silahlı qruplaşmanın ələ keçirdiyi post-patrul xidməti alayının binasına daxil olmağa cəhd göstərib. Əməliyyat nəticəsində qruplaşmanın güllə yarası alan başçısı Pavel Manukyanın və onun oğlunun vəziyyəti ağırdır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident zamanı, həmçinin bir polis zabiti yaralanıb.

Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyanın məlumatına əsasən, qruplaşma üzvləri Qaqik Yegiazaryan və Aram Akopyan könüllü olaraq hüquq mühafizə orqanlarına təslim olub. Bundan sonra silahlı qruplaşma üzvləri xəsarət alanlara yardım etmək məqsədilə hadisə yerinə gələn təcili tibbi yardım briqadasını – iki həkimi, feldşeri və tibb bacısını girov götürüb.

Hazırda silahlı qrupun digər üzvləri ilə girovları azad edərək təslim olmaları üçün danışıqlar aparılır.

Ermənistanın paytaxtında keçirilən aksiya iştirakçıları isə silahlı qrupla əlaqənin bərpa olunmasını tələb edərək polis və Milli Təhlükəsizlik Xidmətinin binalarına yürüş ediblər. Onlar silahlı qrupa dəstək şüarları səsləndirib, şəhər sakinlərini aksiyaya qoşulmağa çağırıblar. Üsyançıları dəstəkləyən 30-a yaxın etirazçı həbs olunub.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti alayının binasını ələ keçirərək oradakı şəxsləri girov götürüb. Hücum nəticəsində bir polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb. Binanı ələ keçirən silahlılar Prezident Serj Sarkisyanın istefasını və “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.