DÜNYA


Yerevanda silahlı şəxslər 4-cü polis avtomobilini yandırıblar

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Yerevanda post-patrul xidməti polkunun binasını ələ keçirən silahlı qrup daha bir polis avtomobilini yandırıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin başçısı Aşot Aqaronyan məlumat verib.

İyulun 25-də qruplaşma üzvləri “Chevrolet” markalı xidməti polis avtobusunu və minik avtomobilini, bundan bir gün əvvəl isə “Qazel” markalı polis mikroavtobusunu yandırıb.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb. Binanı ələ keçirən silahlılar Prezident Serj Sarkisyanın istefasını və “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir. Hökumətlə danışıqlardan sonra iyulun 23-də qruplaşma üzvləri əllərində olan son girovları azadlığa buraxıb.

Bu arada müxalifət Yerevanda polis hissəsinin radikal qrup tərəfindən ələ keçirilməsi ətrafında sonrakı fəaliyyətini elan etmək üçün mitinqə başlayır.

Artıq post-patrul xidməti polkunun ələ keçirilən binasının yerləşdiyi Movses Xorenasi küçəsində yüzlərlə insan toplaşıb. Mitinq iştirakçılarının əsas tələbi silahlı qruplaşmanın qida, rabitə, tibb xidməti ilə təmini, həmçinin ələ keçirilən hissədə elektrik enerjisinin bərpa olunmasıdır. Əks təqdirdə, müxalifət hakimiyyəti nəinki Yerevanda, həmçinin Ermənistanın digər regionlarında da itaətsizlik aksiyası keçirəcəyi ilə hədələyib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti isə öz növbəsində silahlı qrupu yenidən təslim olmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.