CƏMİYYƏT


“Yerli” Kənd Gənclərinin İnkişafı Proqramına qoşulmaq istəyən təşkilatların müraciətləri qəbul olunur

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

“Yerli” Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində yerli.nayora.az portalı vasitəsilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzv təşkilatlarının əməkdaşlıq üçün müraciətləri qəbul olunur.

Milli Şuradan AZƏRTAC-a bildiriblər ki, yerli.nayora.az portalı vasitəsilə qəbul olunan müraciətlər proqramın işçi qrupu tərəfindən dəyərləndirildikdən sonra müraciət edən üzv təşkilat nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanılır. Bu müqavilə əsasında ARGTMŞ-la əməkdaşlıq çərçivəsində üzv təşkilatların cari fəaliyyətlərinin Azərbaycanın kəndlərində keçirilməsinə şərait yaradılır. ARGTMŞ-ın üzv təşkilatları onlara verilmiş xüsusi kod vasitəsilə yerli.nayora.az portalında öz şəxsi kabinetlərinə daxil olaraq layihənin təsvirini yükləyib müraciət edə bilərlər. Qeyd edək ki, təşkilatlar əlavə sualları ARGTMŞ-ın katibliyinə ünvanlaya bilərlər.

“Yerli” Kənd Gənclərinin İnkişafı Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov bildirib ki, “Yerli” Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirləri ölkənin müxtəlif bölgələrini və ucqar kəndlərini əhatə edərək yüzlərlə gəncin şəxsi və peşəkar inkişafına dəstək olub və bundan sonra da olacaq.

Qeyd edək ki, proqram çərçivəsində bu günə qədər həyata keçirilən maarifləndirmə tədbirləri Bakı şəhərinin Qaradağ, Suraxanı, Sabunçu, Xəzər rayonlarında, Ağdam rayonunun Quzanlı, Beyləqanın Dünyamallar, İsmayıllının Kürdmaşı, Qubanın Qımılqışlaq, Lənkəranın Separadi, Sabirabadın Nərimanabad, Nərimankənd, Ucalı və Mursalı, Saatlının Qaracalar, Astaranın Ərçivan, Oğuzun Bucaq, Şəkinin Kiş və Baş Küngüt, Samuxun İnstitut, Biləsuvarın Aşağı Cürəli və İsmətli kənd və qəsəbələrindən 450-dən çox gəncin iştirakı ilə reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.