CƏMİYYƏT
“Yerli” Proqramı çərçivəsində gənclər təşkilatlarının kənddə yaşayan gənclərlə əməkdaşlığı stimullaşdırılır
Bakı, 10 oktyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunan “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində ölkənin cənub bölgəsində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər icra hakimiyyətləri, gənclər və idman idarələrinin dəstəyi ilə Lənkəran, Yardımlı, Lerik, Astara rayonlarının 9 kəndinin gənclərini əhatə edib.
ARGTMŞ-dən AZƏRTAC-a bildiriblər ki, “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.
Lənkəran, Lerik, Astara rayonlarında “Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir” mövzusunda keçirilən təlimlər Milli Şuranın üzvü olan “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunub. Təlimlərdə Lənkəran rayonunun Digah, Lej, Viyən, Türkəkəran, Vələdi, Şilavar, Astara rayonunun Təngərüd, Lerik rayonunun Cəngəmiran kəndlərindən 70 gənc iştirak edib. Təlimlər ölkədə yeniyetmə və gənclər arasında erkən nikahlar və onun fəsadları, xüsusilə də təhsil hüququndan yayınma, cəmiyyətdə valideyn məsuliyyətini və ictimai qınağı artırmaq məqsədilə keçirilib.
Yardımlı rayonunun Çayüzü kəndində keçirilən təlimlər isə “Karyera planlaşdırılması və ixtisas seçimi” mövzunu əhatə edib. Çayüzü kəndində keçirilən təlim zamanı gənclərə qeyd olunan mövzu ətrafında ixtisas seçərkən diqqət edilməli məqamlar və karyera quruculuğu haqqında ətraflı məlumat verilib. Daha sonra iştirakçılar əldə etdikləri mövzu ətrafında qrup işlərində iştirak ediblər.