CƏMİYYƏT
“Yerli” Proqramının növbəti maarifləndirmə tədbirləri cənub və aran rayonlarında keçirilib
Bakı, 2 avqust, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının maarifləndirmə tədbirləri davam edir. Bu dəfə tədbirlər ölkənin cənub - Lənkəran, Astara, Biləsuvar, Saatlı və Sabirabad rayonlarında keçirilib.
Milli Şuradan AZƏRTAC-a bildiriblər ki, təlimlərdə Lənkəran rayonunun Digah və Şilavar, Astara rayonunun Ərçivan, Sabirabad rayonunun Ucalı, Mursalı və Nərimankənd, Biləsuvar rayonunun Aşağı Cürəli və İsmətli, Saatlı rayonunun Qaracalar kənd və qəsəbələrindən 150-yə yaxın gənc iştirak edib.
“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, onların bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verməkdir.
Tədbirlərə Milli Şuranın “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının təqdimatı ilə başlanılıb. İştirakçılara proqramın imkanları, bu imkanlardan faydalanmaq üsulları haqqında məlumat verilib. Sonra "Layihələrin yazılması və idarə olunması" və "Sosial şəbəkələrdən səmərəli istifadə qaydaları" mövzularını əhatə edən təlimlər keçirilib. Tədbirin sonunda iştirakçılar təltif olunub.
Qeyd edək ki, “Yerli” Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində onlayn platforma əsasında ARGTMŞ-ın üzv təşkilatlarının əməkdaşlıq üçün müraciətləri qəbul olunur, müraciətlər proqramın işçi qrupu tərəfindən dəyərləndirildikdən sonra müraciət edən üzv təşkilat nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanır. Bu müqavilə əsasında ARGTMŞ-la əməkdaşlıq çərçivəsində üzv təşkilatların cari fəaliyyətlərinin Azərbaycanın kəndlərində keçirilməsinə şərait yaradılır. Gənclər təşkilatları müraciət etmək üçün yerli.nayora.az portalına daxil ola bilərlər.