CƏMİYYƏT


Yerli (bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqinə dair zona seminarı keçirilib

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC 

Oktyabrın 3-də Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) təşkilatçılığı ilə yerli (bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqinə dair zona seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri və aidiyyətı mütəxəssisləri iştirak ediblər.

Seminar təqdimatçıları bələdiyyələrdə yerli vergi və ödənişlərin yığımının artırılması, bələdiyyə sədrlərinin III ümumrespublika toplantısının qərarlarına əsasən qarşıya qoyulan vəzifələrdən danışıblar. Bələdiyyələrdə uçot sisteminin olmaması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulmaması və tam mənada şəffaflığın təmin edilməməsinin əsas çətinliklərdən olduğu bildirilib. Qeyd edilib ki, bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması prosesinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən onlayn qaydada bir serverdən idarə olunan yerli (bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi hazırlanıb. Bu sistem bələdiyyələrdə tətbiq edilməklə bələdiyyələr vergi və ödəniş ödəyicilərinin uçota alınmasını, tədiyyəçilərlə normal münasibətlərin qurulmasını, yaşayış və qeyri-yaşayış sahələri, bələdiyyə torpaqlarının istifadəsi üzrə dəqiq statistik məlumatların hazırlanmasını, ödənişlərin onlayn qaydada operativ ödənilməsinin təmin edilməsini, gəlir və xərclər üzrə dəqiq statistik məlumatların hazırlanmasını, eyni zamanda, bələdiyyələrdə şəffaflığın təmin olunmasını və digər sahələr üzrə təhlillərin aparılmasını təmin edəcək.

Seminarda çıxış edən bələdiyyə sədrləri təqdim olunan sistemin tətbiqinin yerli özünüidarəetmənin maliyyə, iqtisadi potensialının güclənməsinə, o cümlədən yerli vergi və ödənişlərin yığım səviyyəsinin artırılmasına əhəmiyyətli təsir edəcəyini bildiriblər.

Seminar həftə ərzində davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.