İQTİSADİYYAT


Yerli istehsalın dəstəklənməsində müəssisələrarası  əlaqələrin rolu artır

Bakı, 28 iyul, AZƏRTAC

Gələn ilin əvvəlinə Kanada texnologiyası əsasında illik istehsal gücü 180 min ton polipropilen və Avstriya texnologiyası əsasında illik istehsal gücü 120 min tonluq yüksək sıxlıqlı polietilen olan istehsal xətlərinin istismara verilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə "SOCAR Polymer" MMC-nin direktoru Fərid Cəfərov iyulun 28-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Yerli istehsalın dəstəklənməsi istiqamətində müəssisələrarası əlaqələrin qurulması" mövzusunda keçirilən tədbirdə deyib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sənayesinin diversifikasiyası, rəqabətqabiliyyətli və ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, iqtisadi fəallığın artırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Sənayenin inkişafında əhəmiyyətli olan sənaye parklarında sahibkarların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur yaradılır və güzəştli rejim tətbiq olunur, sənaye zonalarına sahibkarların marağı artır. Qeyd edilib ki, investisiya təşviqi mexanizminin tətbiqi nəticəsində qısa müddətdə 182 layihəyə investisiya təşviqi sənədi verilib, onların reallaşması nəticəsində ölkə iqtisadiyyatına 1,6 milyard manatdan çox investisiya qoyulacaq, 12 minə yaxın yeni iş yeri açılacaq. Bu layihələrin 62 faizi sənaye sahəsinə aiddir.

Diqqətə çatdırılıb ki, sənaye sahəsində kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə dövlət başçısı bir neçə gün öncə Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Tədbirdə Sumqayıt Kimya Sənaye Parkının rezidenti - "SOCAR Polymer" MMC-nin istehsal edəcəyi məhsulların sahibkarlar tərəfindən xammal kimi istifadə imkanlarından geniş bəhs edilib, ixrac potensialının genişlənməsində, yeni iş yerlərinin açılmasında müəssisənin əhəmiyyəti vurğulanıb.

"SOCAR Polymer" MMC-nin direktoru Fərid Cəfərov qeyd edib ki, hazırda ölkəmiz aşağı sıxlıqlı polietileni ixrac, yüksək sıxlıqlı polietileni isə idxal edir. "SOCAR Polymer" layihəsinin əsas məqsədi bu sahədə idxalın aradan qaldırılmasıdır. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması planlaşdırılır. 2018-ci ilin əvvəlinə Kanada texnologiyası əsasında illik istehsal gücü 180 min ton polipropilen və Avstriya texnologiyası əsasında illik istehsal gücü 120 min tonluq yüksək sıxlıqlı polietilen olan istehsal xətlərinin istismara verilməsi nəzərdə tutulur. Xammal olaraq "Azərkimya" İstehsalat Birliyinin istehsal etdiyi propilen və etilendən istifadə olunacaq. Müəssisənin tikintisində 3 minə yaxın işçi çalışır.

Tədbirdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Quliyev "SOCAR-Polymer" MMC-nin əhəmiyyətini vurğulayaraq, gələcəkdə həmin müəssisənin ətrafında klasterlərin yaradılması imkanları barədə danışıb.

Sonra sahibkarlarla "SOCAR Polymer"in məhsullarından istifadə imkanlarına dair müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.