DÜNYA
Yerusəlimdə Şimon Pereslə vida mərasimi başlayıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Bu gün səhər Yerusəlimdə İsrailin 9-cu prezidenti, Nobel mükafatı laureatı Şimon Pereslə vida mərasimi başlayıb. Knessetin (parlament) binası önündəki meydanda keçirilən mərasim İsrail televiziyasının Doqquzuncu kanalı ilə canlı yayımlanır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, vida mərasimi yerli vaxtla saat 21:00-dək davam edəcək. İsrail dövləti polisinin mətbuat xidməti şəhərdə dəfn tədbirlərinin təhlükəsizliyini təmin etmək üçün 7 min polis əməkdaşının cəlb olunduğunu bildirib.
Şimon Peresin dəfni sentyabrın 30-na təyin olunub. Həmin gün səhər dünyanın hər yerindən çoxsaylı siyasətçilərin iştirakı ilə rəsmi vidalaşma mərasiminin keçirilməsi planlaşdırılır. İsrail televiziyasının Doqquzuncu kanalının yaydığı məlumata görə, mərasimə 80 ölkədən nümayəndə heyətləri gələcək. Vidalaşma mərasimində ABŞ Prezidenti Barak Obama, Kanadanın Baş naziri Castin Tryüdo, Amerikanın sabiq lideri Bill Klinton, Demokratik Partiyadan Birləşmiş Ştatlar prezidenti postuna namizəd Hillari Klinton və başqalarının iştirakı gözlənilir.
Xatırladaq ki, İsrail dövlətinin banilərindən biri sayılan Şimon Peres beyinə qansızma diaqnozu ilə müalicə olunduğu klinikada sentyabrın 28-də 94 yaşlında vəfat edib.