İQTİSADİYYAT


Yevlax-Ağcabədi çökəkliyində kompleks geofiziki kəşfiyyat işləri aparılır

Bakı, 7 iyul, AZƏRTAC

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında şirkətin Geofizika və Geologiya İdarəsinin Kəşfiyyatgeofizika İstehsalat Bölümü Yevlax-Ağcabədi çökəkliyində regional profillər üzrə kompleks geofiziki kəşfiyyat işlərini davam etdirir.

“Azneft” İstehsalat Birliyindən AZƏRTAC-a bildiriblər ki, mezokaynazoy çöküntülərinin regional izlənilməsi və müxtəlif yaşlı çöküntü kompleksləri qalınlıqlarının öyrənilməsi məqsədilə aparılan işlər zamanı ümumilikdə neftli-qazlı rayondan keçən dörd profil boyu 312 xətti kilometr həcmində 2D (ikiölçülü) seysmik kəşfiyyat, eləcə də hər biri 340 xətti kilometr olan qravimetrik və maqnitometrik tədqiqat işlərinin görülməsi nəzərdə tutulur. İşlərə cari ilin aprel ayından start verilib. Hazırda 176 xətti kilometrlik 2D seysmik, 235 xətti kilometrlik qravimetrik və 245 xətti kilometrlik maqnitometrik kəşfiyyat işləri yerinə yetirilib.

Tədqiqat sahəsində işlənilmiş profillər üzrə alınan geofiziki məlumatlar əsasında müxtəlif miqyaslarda dərinlik kəsilişləri qurulacaq, quyu və seysmik məlumatların kompleks interpretasiyası nəticəsində seysmostratiqrafik təhlillər aparılacaq, həmçinin seysmofasial komplekslər ayrılacaq. Qravitasiya və maqnit sahələrinin dəyişməsini xarakterizə edən regional və lokal sahələri əks etdirən qrafiklər hazırlanacaq, profillər üzrə müşahidə olunan dalğa sahəsinin təhlili əsasında kəsilişin sürət xarakteristikası öyrəniləcək, müxtəlif növ dalğaların izlənmə zonaları müəyyənləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.