REGİONLAR
Yevlax Xalq Teatrı Bərdə səhnəsində
Bərdə, 6 iyul, AZƏRTAC
Bəşir Səfəroğlu adına Yevlax Xalq Teatrı Bərdə rayon Mədəniyyət Mərkəzində Seyfəddin Dağlının “Bekarçılıq kontoru” pyesi əsasında hazırlanan “Oyun bitdi” tamaşasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, tamaşanın rejissoru, Əməkdar Mədəniyyət İşçisi Zöhrə Adıgözəlova çıxış edərək, Yevlax Xalq Teatrının fəaliyyətindən söz açıb. Bildirilib ki, Bakıda keçirilən II Respublika Xalq Teatrları Festivalında Yevlax Xalq Teatrı “Oyun bitdi” tamaşasını oynayaraq ikinci fəxri yerə layiq görülüb.
Sonra “Oyun bitdi” tamaşası bərdəli sənətsevərlərə təqdim olunub. Səhnə əsəri böyük maraqla qarşılanıb.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi İlyas Hacıyev teatrın kollektivinə təşəkkürünü bildirib, ölkəmizin mədəniyyət və turizm potensialının yüksəldilməsi, kitabxana, muzey, teatr sahələrinin inkişafı istiqamətində görülən işlərdən danışıb.
Regional İdarə tərəfindən Yevlax Xalq Teatrının kollektivinə hədiyyələr təqdim edilib.