REGİONLAR
Yevlax-Zaqatala-Gürcüstan magistralının Zaqataladan keçən hissəsində genişləndirmə işləri aparılır
Zaqatala, 20 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral avtomobil yolunun Zaqatala rayonunun Yuxarı və Aşağı Tala kəndlərinin ərazisindən keçən hissəsində genişləndirmə və abadlıq işləri davam etdirilir.
Zaqatala Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Fərman Əhmədov AZƏRTAC-a bildirib ki, avtomobil yolunun bu hissəsində nəqliyyatın hərəkətində həmişə sıxlıq müşahidə olunurdu. Avtomobil yolunun yenidən qurulmasına 2015-ci ildə başlanılıb. Yolun genişləndiriləcək hissəsinin ümumi uzunluğu 2 kilometrdir. Birinci mərhələdə Yuxarı Tala kəndinə girişdə yol qovşağı inşa edilib, ərazi abadlaşdırılıb. Yolun kənarına 2 kilometr uzunluğunda istinad divarı çəkilib. İstinad divarı milli memarlıq üslubunda qaya daşı və kərpiclə üzlənib. Yol üzərində iki avtobus dayanacağı tikilib, yeni işıqlandırma sistemi quraşdırılıb.
Hazırda yolun qalan 1 kilometrlik hissəsinin ikitərəfli yola keçid üçün genişləndirilməsi işləri aparılır. Yolun bu hissəsində də iki dayanacaq tikiləcək, istinad divarları çəkiləcək, səkilər inşa ediləcək. Tikinti işləri rayonun daxili imkanları hesabına həyata keçirilir.
Avtomobil yolunun bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.