CƏMİYYƏT
Yevlax rayon sakinləri səyyar “ASAN xidmət”in fəaliyyətindən yararlana biləcəklər VİDEO
Bakı, 27 may (AZƏRTAC). “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlarda əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin olunması üçün Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.
Mayın 27-dən iyunun 8-dək Yevlax rayonunun 122 mindən artıq sakini səyyar “ASAN xidmət”dən Yevlax şəhərində yararlana biləcəkdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Bu ilin dekabrınadək səyyar “ASAN xidmət” vasitəsilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.